
Paltaryuyan sıxma rejimində niyə çox səs edir və titrəyir?
Paltaryuyan maşını işə salmısız, yuma prosesi çox sakit və normal keçir. Lakin maşın sıxma (spin) rejiminə keçib sürətləndiyi an qəribə şeylər baş verir. Evin içində sanki təyyarə havalanır, cihaz elə şiddətlə titrəyir ki, yerindən tərpənib otağı "gəzməyə" başlayır.
Bu səs-küy və sarsıntı paltaryuyan maşın sahiblərinin ən çox şikayət etdiyi problemlərdən biridir. Çox vaxt istifadəçilər maşının ömrünü başa vurduğunu düşünüb yenisini almağı planlaşdırırlar. Lakin əksər hallarda problem cəmi bir və ya iki daxili detalın sıradan çıxması ilə bağlı olur.
Bəs paltaryuyan niyə "uçmağa" çalışır? Gəlin bu problemin arxasındakı texniki səbəblərə, amortizator və podşipnik nasazlıqlarına nəzər salaq.
1. Bəsit səbəblər (Usta çağırmazdan əvvəl yoxlayın)
Ciddi texniki detallara keçməzdən əvvəl problemin istifadəçi xətası olub-olmadığını dəqiqləşdirmək lazımdır:
Balanssız yüklənmə: Maşına tək bir ədəd böyük yorğan və ya qış gödəkçəsi atdıqda, nəm və ağır paltar qazanın bir küncünə yığılır. Sıxma zamanı bu disbalans maşını şiddətlə sağa-sola çırpır.
Ayaqların tənzimlənməməsi: Paltaryuyanın dörd ayağı da yerə tam möhkəm basmalıdır. Cihazın künclərindən basaraq yellənib-yellənmədiyini yoxlayın. Ehtiyac varsa, ayaqları buraraq tənzimləyin.
Nəqliyyat (daşınma) boltları: Əgər maşınınız yenidirsə və ilk dəfə işlədəndə dəhşətli dərəcədə tullanırsa, arxa hissədəki qoruyucu boltları çıxarmağı unutmusunuz deməkdir.
Əgər bu sadə səbəbləri istisna etdinizsə və səs hələ də davam edirsə, deməli, problem maşının daxilindədir.
2. Amortizator problemi: Niyə maşın titrəyir və "gəzir"?
Paltaryuyanın içindəki ağır polad qazan yuxarıdan yaylarla asılır, aşağıdan isə amortizatorlarla (avtomobillərdə olduğu kimi) dəstəklənir. Amortizatorların əsas vəzifəsi sıxma zamanı yaranan şiddətli vibrasiyanı udmaq və qazanın maşının divarlarına çırpılmasının qarşısını almaqdır.
Zamanla (adətən 4-5 ildən sonra), xüsusən də maşını mütəmadi olaraq həddindən artıq paltarla doldurduqda, bu amortizatorların içindəki sürtünmə yastıqları yeyilir və gücünü itirir.
Necə bilmək olar ki, problem amortizatordadır?
Çox sadə bir test edə bilərsiniz: Maşının qapısını açın, əlinizlə barabanı (qazanı) aşağı doğru möhkəm basıb qəfildən buraxın.
Əgər qazan dərhal yerində dayanırsa, amortizatorlar sağlamdır.
Əgər qazan yay kimi bir neçə dəfə yuxarı-aşağı yellənməyə davam edirsə, deməli, amortizatorlar artıq işləmir və dəyişdirilməlidir.
3. Podşipnik (Kalonka) problemi: "Təyyarə" səsi haradan gəlir?
Paltaryuyanın arxasında, qazanın yüksək sürətlə və hamar şəkildə fırlanmasını təmin edən metal diyircəkli mexanizm – podşipniklər yerləşir. Podşipniki sudan qorumaq üçün onun önündə rezin bir kipləşdirici (salnik) olur.
Ağır yuma, ərp və illərin aşınması nəticəsində bu rezin yırtılır. Yırtıqdan sızan su birbaşa metal podşipnikin içinə dolur və onu paslandırmağa başlayır. Paslanmış metal dənəcikləri bir-birinə sürtündükcə o məşhur "təyyarə mühərriki" səsi yaranır.
Necə bilmək olar ki, problem podşipnikdədir?
Səs testi: Maşın boş və sönülü vəziyyətdə ikən barabanı əlinizlə fırladın. Əgər hamar fırlanmırsa, metalın metala sürtünməsi kimi xırtıltılı ("xırç-xırç") səs və ya qırıq-qırıq səs gəlirsə, podşipnik dağılıb.
Boşluq testi: Qazanın yuxarı kənarından tutub yuxarı-aşağı tərpətməyə çalışın. Əgər qazan yellənirsə və boşluq hiss edirsizsə, bu, problemin artıq son mərhələdə olduğunu göstərir.
Ləkələr: Bəzən xarab olmuş salnikdən sızan paslı su paltarlarınızın üzərində qəhvəyi/qara yağlı ləkələr qoya bilər.
Niyə bu problemi təxirə salmaq olmaz?
Səsli işləyən paltaryuyanı "hələ ki yuyur da" deyib istifadə etməyə davam etmək risklidir. Xarab olmuş amortizatorlar zamanla maşının beyninə (elektron platasına) və ya şüşə qapağa çırpılaraq onları qıra bilər. Dağılmış podşipniklə istifadəyə etmək qazanın oxunu (valı) əyir, plastik barabanı parçalayır və hətta suyun mühərrikə sızaraq onu tamamilə yandırması ilə nəticələnir. Belə vəziyyətdə təmir xərci yeni bir maşın almaq qiymətinə çata bilər.
Həll yolu: Həm amortizator, həm də podşipnik dəyişimi cihazın tamamilə sökülməsini tələb edən mürəkkəb və peşəkar işdir. Əgər yuxarıdakı testləri edib daxili detallarda problem olduğundan əmin oldunuzsa, cihazı daha çox zədələməmək üçün istifadəni dayandırın və mütləq peşəkar bir ustaya müraciət edin.


