
Kombi niyə suyu qızdırmır? – Ən çox yayılan səbəblər və kiçik sirlər
Təsəvvür edin ki, işdən sonra evə gəlmisiz, duş almaq istəyirsiniz, kranı açanda suyun buz kimi olduğunu görürsüz. Kombiyə baxırsız radiatorlar (istilik sistemi) normal işləyir, amma isti su gəlmir. Yaxud kombi ümumiyyətlə işə düşmür. Bəs bu nədən qaynaqlanır?
Ustanı çağırmazdan əvvəl özümüz nəyi yoxlaya bilərik?
Beynəlxalq servis təlimatları və peşəkar ustaların təcrübələrinə əsaslanaraq, kombinin suyu qızdırmamasının ən çox yayılan səbəblərini və bu problemin arxasındakı xırda sirləri topladıq.
1. İlk Baxışda gözdən qaçan səbəblər
Bəzən problem texniki nasazlıqdan yox, tamamilə diqqətsizlikdən qaynaqlanır. Ustaya pul xərcləməzdən əvvəl bu 3 məqamı mütləq yoxlayın:
Su təzyiqinin aşağı olması (Bar göstəricisi): Kombilərin təhlükəsizlik sistemi var. Əgər sistemdəki suyun təzyiqi 1 barın altına düşərsə, cihaz özünü qorumaq üçün isti su funksiyasını söndürür. Kombinin üzərindəki manometrə (təzyiqölçənə) baxın. Əgər əqrəb 1-dən aşağıdırsa, kombinin altındakı doldurma kranını açaraq təzyiqi 1.5 - 2 bar arasına gətirin.
Qaz klapanının bağlı olması: Evə qazın gəlib-gəlmədiyini (məsələn, mətbəx plitəsini yandıraraq) və kombinin yanındakı qaz borusunun klapanının tam açıq olduğunu yoxlayın. Qaz təzyiqi zəif olduqda da kombi suyu qızdıra bilmir.
Elektrik və "Gözlənilməz" Kilidlənmələr: Voltajın düşüb-qalxması nəticəsində kombinin elektron beyini donub qala bilər. Cihazı sadəcə yandırıp-söndürmək və ya "Reset" düyməsini 5 saniyə basılı saxlamaq çox vaxt problemi kökündən həll edir.
2. Texniki Səbəblər (Cihazın Daxilində Nələr Baş Verir?)
Əgər yuxarıdakı sadə addımlar kömək etmirsə, deməli, problem kombinin daxili detallarındadır. Ən çox qarşılaşılan texniki nasazlıqlar bunlardır:
a) Üçgedişli Klapanın Nasazlığı (Ən məşhur səbəb)
Kombinin daxilində "üçgedişli klapan" (diverter valve) adlı çox mühüm bir detal var. Onun vəzifəsi suyun istiqamətini dəyişməkdir. İsti su kranını açanda o, radiatorlara gedən suyu kəsir, gücü kran suyunu qızdırmağa yönəldir.
Xırda sirr: Əgər bu klapan sıradan çıxıbsa və ya ilişib qalıbsa, siz kranı açanda kombi elə bilir ki, hələ də evi isitməlidir. Nəticədə, kranınızdan soyuq su axır, amma radiatorlarınız daha da qızışmağa başlayır.
b) Su Axın Sensorunun (Turbinin) Pozulması
Kombi sizin kranı açdığınızı necə bilir? Daxildəki kiçik bir pər (turbin) suyun hərəkəti ilə fırlanmağa başlayır və beyinə "Kran açıldı, alovu yandır!" siqnalı göndərir. Əgər suyun tərkibindəki qum, pas və ya çöküntü bu sensorun içinə dolarsa, turbin fırlanmır. Kombi sizin isti su istədiyinizdən xəbərsiz olur və tamamilə səssiz qalır.
c) İstilik Dəyişdiricinin (Eşanjörün) Ərplənməsi
Suyun sərtlik dərəcəsi yüksək olduğu üçün zamanla kombinin daxilindəki mis borular (istilik dəyişdiricilər) ərpləşir. Ərp təbəqəsi alovun temperaturunun suya ötürülməsinə mane olur. Kombi yanır, guruldayır, amma su ya ilıq gəlir, ya da bir neçə saniyə qızıb dərhal yenidən soyuyur.
d) NTC (Temperatur) Sensorunun Sıradan Çıxması
Kombinin isti su borusunun üzərində temperaturu ölçən kiçik sensorlar (NTC) var. Bu sensor beyinə suyun neçə dərəcə olduğunu ötürür. Əgər sensor xarab olub səhv məlumat ötürərsə (məsələn, soyuq suyu 60 dərəcə kimi oxuyarsa), kombi alovu söndürür, suyu qızdırmağı dayandırır.
Ustaya zəng etmədən əvvəl nə etməli?
Su süzgəclərini yoxlayın: Kranların uclundakı kiçik süzgəclər (aeratorlar) tutulduqda suyun təzyiqi azalır. Su zəif axdıqda kombi işə düşməyə bilər. Süzgəcləri təmizləyin.
Kombini vizual izləyin: İsti su kranını açın və kombinin ekranına baxın. Ekranda hər hansı bir xəta kodu (məsələn: F3, E01, E03 və s.) yanıb sönürsə, həmin kodu kombinizin kitabçasından və ya internetdən axtarın. Bu, problemin nöqtə atışı harada olduğunu sizə deyəcək.
Batareya faktoru: Əgər kombiniz bacalı (bəzi köhnə modellər və ya qaz kalonkaları) və batareya ilə işləyirsə, batareyanın enerjisinin bitməsi qığılcım sistemini işə salmır və su qızmır.
Təhlükəsizlik Xəbərdarlığı
Kombiniz suyu qızdırmırsa, ilk olaraq suyun təzyiqini qaldırmaq, qazı yoxlamaq və cihazı resetləmək kimi zərərsiz addımları özünüz edin. Lakin problem cihazın daxilindədirsə (klapan, lövhə, sensor dəyişimi), xüsusən də qaz sızması və ya qısa qapanma riskinin qarşısını almaq üçün heç bir halda kombinin daxili gövdəsini özünüz açmayın. Peşəkar və sertifikatlaşdırılmış bir servis mütəxəssisinə müraciət etmək həm cihazınızın ömrünü uzadacaq, həm də ailənizin təhlükəsizliyini təmin edəcək.


